Sunday, December 23, 2012

Azərbaycan Universitetlərində Bolonya Sisteminin Tətbiqi Haqda


Təhsil haqda söhbətlər, debatlar, araşdırmalar ilk baxışda şablon, illərlə təkrarlanan bir problem kimi görünür. Bu da görünür ondan irəli gəlir ki, problem çox müddət təkrarlandıqca o artıq problem olmur, əksinə adətə çevrilir. Azərbaycanın televiziya kanalları bəlkə hər həftə təhsildə bir problemlə bağlı verilişlər hazırlayır. Amma onlardan bir xeyir olsaydı, yəqin ki, bu bloq postda özüm bu məsələləri araşdırmazdım, rahatca başqalarının bu problemi həll edəcəyini gözləyərdim. Məncə burada yatıb qalmayaq, davam edək.

Azərbaycan Dövlət İqtisad Universitetinin saytında Bolonya Sistemi haqda geniş məlumat verilib. Gəlin həmin səhifədən qısaca Bolonya Prosesinin Azərbaycanda tətbiq edilməsi üçün Təhsil Nazirliyinin qoyduğu əsas vəzifələrə nəzər salaq.

Azərbaycan Respublikası Təhsil Nazirinin 264 saylı 20.04.2006-cı il tarixli əmri ilə təsdiq  olunmuş qərarına əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələrinin qarşısında, bu sistemin (Bolonya) tələblərinə uyğun olan müvafiq vəzifələr qoyulmuşdur. Bu vəzifələrin üstünlükləri bunlardır:
- Bolonya prosesinə qoşulmuş dövlətlər tərəfindən Azərbaycanın kredit sistemi ilə təhsil alan ali məktəblərinin diplomunun tanınması;
- hər bir tələbənin bu sistemlə mütəxəssis hazırlığını həyata keçirən istənilən xarici və yerli təhsil ocaqlarında təhsilini davam etdirmək hüququ;
- hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı;
- tələbənin fənn və müəllim seçimində müstəqilliyi;
- tədris prosesinə məsləhətçilərin (tyütor) cəlb olunması və onların hər tələbəyə təhsil alma prosesində köməkliyi;
- tədris prosesinin bütün lazımi çap materialları və onların elektron versiyaları ilə təminatı;
- tədris müəssisəsin normativdə nəzərdə tutulmuş müddətdən tez və gec bitirmək imkanı və s. göstərmək olar.

Gəlin nəzərdən keçirək, bu həqiqətən də baş verirmi? 


Bolonya şəhəri
İlk növbədə gəlin Azərbaycanın Ali Təhsil müəssisələrində tətbiq edilən təhsil sistemindən danışaq. Bu sistemə Bolonya Sistemi adlı verilsə də, əslində bu sistem deyil, bir proses kimi başlanmışdır. Bu prosesin rəsmi başlanğıcı kimi 1999-cu ilin 19 iyun tarixində İtaliyanın Bolonya şəhərində 29 Avropa ölkəsi tərəfindən Bolonya bəyannaməsi qəbul olunur. Azərbaycan bu prosesə 2005-ci ildə qoşulmuşdur. Hazırda Azərbaycanın bütün ali təhsil müəssisələri bu sistemə tam qoşulumuşlar (faktlar bunu göstərməsə də) .Universitetlərin bir çoxunda ilk dərs ilində tələbələrə bu proses haqda "tyutorlar" tərəfindən tam məlumat verilir və burada əsas məqsəd tələbələrin yeni prosesə uyğunlaşdırılmasıdır. Təəssüf ki, tələbələr bu prosesdən nə ilin əvvəlində baş aça bilirlər, nə də ki, son dərs ilində. Çünki bəyannamələr, qaydalar, qanunlar həqiqətlə çox zaman uzlaşmır, vəya bəzi boşluqlar bu məsələdə aydınlığa mane olur.

Məsələn mən oxuduğum İqtisad Universitetində Bolonya sisteminə uyğun olaraq, mühazirə yazmaq vacib deyil. Yəni, bu tələbənin öz istəyindən asılıdır. Amma müəllimlər çox vaxt bizdən yazmağı tələb edirlər, hətta balımızın aşağı salınacağını bizə bildirməkdən çəkinmirlər. Məncə dəftərinə məcburiyyət olduğundan mühazirə yazan tələbənin nə dərsə marağı qalar, nə də ki, müəllimə olan hörməti. O tələbə səs də salar, kağız da atar, yuxulayıb yatar da. Bir yandan da problemin yaradıcıları dekanatlıqlardır. Çünki müəllimlərə bu barədə ciddi göstərişlər verilsəydi (təbii ki, qorxu ilə yox, müəyyən nizamnamələrlə) onlar bu hərəkətlərə heç cəhd belə göstərməzdilər.

Keçək problemin digər tərəfinə.

4.2  Bütün hallarda tələbə hər bir fənn üzrə auditoriya dərslərinin 30 %-dən çoxunda iştirak etmədiyi halda o, həmin fəndən imtahana buraxılmır.

- Qrup jurnalında dərsdə iştirak etməyən tələbələrə həmin saata «q/b» sorğulara cavab verənlərə müvafiq «bal», dərsdə iştirak edən, lakin qiymət almayanlara isə «i/e» yazılmalıdır.

Bir Azərbaycan Universitetində dərs zamanı
Q/b vəya qayıblar. Qayıb nədir? Dərslər maraqsız olduğu halda tələbənin universitetə gətizdirilmə prosesinə "qayıb-yazma" deyilir. Hər fənnin dərs saatından asılı olaraq hər tələbənin qayıb limiti vardır. Ümumilikdə hər fəndən bu 30%-dir.  Limiti keçdinsə, imtahana buraxılmağı unut. Bir də gərək növbəti semestr o fəndən yenidən imtahan vermək üçün əvvəlki kurslarla oturasan. Çox gözəldir, deyilmi?

Xarici universitetlərin heç birində tələbənin hər hansı bir fəndən dərsdə iştiraki bu cür məcburiyyətlə təmin edilmir. Tələbə özü imtahanın çətinliyini və şəffaf keçiriləcəyini bilib dərslərdə iştirak edir. Digər tərəfdən də, dərs o qədər effektiv və məqsədyönlü keçirilir ki, tələbə mühazirə zamanı dərsdən əlavə şeylər haqda fikirləşməyə belə cəhd etmir, çünki dərs prosesi özü maraqlıdır. O tələbə artıq bilir ki, bu biliklər ona indi də, gələcəkdə də lazım olacaq. Bilik qazanmaq gündəlik bir məşğuliyyətdir, bəlkə də əyləncədir. Azərbaycanda oxuyan tələbəsə qazandığı biliklərin ona nə qədər lazım olduğunu heç bilmir. Bilirsə də, bilir ki, lazım deyil. Universitetimizdə bizə dərs deyən, həmçinin öz biznesi olan bir müəllimə belə bir sual ünvanladıq: "Siz də bu universiteti bitirmisiz. Bəs sizə bu universitetdə verilən biliklər lazım oldu mu?" Cavab belə oldu: "Yox, öyrədilənlərdən heç bir şey mənə lazım olmadı. Lazım olan biliklər varsa belə, o da işə götürdüyüm insanları sorğu-sual edəndə onların ümumi anlayışlarını yoxlamaq üçün lazım olur". 
Avropa Universitetində dərs zamanı

Müəllimlərin maaşının az olması müəllimlərin də bu qədər həvəssiz olmasına gətirib çıxarır. Öz işindən razı olmayan insan heç vaxt digərinə öz işinin yaxşı olmasını sübut edə bilməz. Müəllimlik çox yüksək dəyərləndirilsə də, bunu hər bir evin içində yuxarı başda saxlanılıb diqqətsiz qalan kuklalara bənzətmək olar.  Onlara heç kəs toxunmur, amma hər kəs onlara baxıb nəyisə yada salır. Nostalji hisslər, bir sözlə.
Bolonya prosesinin tətbiq edildiyi ölkələrdə hər bir tələbənin oxuduğu universitetdə təhsilini dayandırıb digər (Bolonya Sistemini tətbiq edən) universitetdə davam etdirmək imkanı vardır. Universitetimizdə bununla maraqlanmışdım. Mənə bildirdilər ki, İqtisad Universitetinin Çexiya Universitetiylə əlaqəsi vardir. Orada təhsilimi davam etdirə bilərəm, amma bunun tam mümkün olmadığını dedilər.  Üstəlik, bizim təhsildə boşluqlar, fənnlərin digər xarici universitetlərdə keçirilən eyni fənnlərlə ziddiyyət təşkil etdiyindən bu hələ tam reallaşmamışdır. Bəxtinizi başqa cür sınayın...
Ali təhsil ocaqlarında təhsilin necə rol oynadığını bilmək, digər tələbələrin fikirlərini öyrənmək üçün dostumla həm şəhərdə, həm də sosial şəbəkədə sorğu-sual keçirməyə qərar verdik. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində oxuyan bir tələbə qızdan təhsildən narazı olub olmadığını soruşduq, amma təəssüf ki, bizə deyəcəyi fikrin olmadığını söylədi. Yolumuza davam etdik. Bu dəfə qarşımıza çıxan iki şəxsdən biri Azərbaycan Dövlət İqtisad Universitetində oxuyurdu, digəri isə tələbə olmadığını bildirdi. Tələbə qiyabi təhsil aldığını və dərslərə marağının olmadığını bildirdi. "Özüm hal-hazırda işləyirəm, əsas mənə diplom lazımdı." Tələbəyə təşəkkürümüzü bildirib, "axtarışlarımızı" davam etdirdik. Bu dəfə magistr təhsilini bitirimiş bir xanıma yaxınlaşdıq. Xanım parfüm mağazasına tələsdiyini bildirərək, bizdən tezliklə ayrıldı. Sosial şəbəkədə bizim işimizə daha çox yaradı.
Dostlarıma  "Təhsilindən razisan yoxsa narazi? Niyə? Dərslərə marağın varmı?" suallarıyla müraciət etdim. Buyurun, gəlin oxuyaq nə yazırlar.


İlhamiyyə:  "Əlbəttə narazıyam. dərslərə marağım var idi, müəllimlər öldürdü".
Cavad: "Razı deyiləm. Sistemdə sərtliklər çoxdu. Dərsə də marağım yoxdu."
Kamran: " Universitetin (AzMİU) 3-cü kursunda oxuyuram. Dərslərdən razı deyiləm. Dərslər başdan-sovdu keçirilir. Müəllimlər tələbəni, tələbələrdə müəllimləri yola verir. Ən dəhşətlisi isə budur ki qrupda 23 uşaq olsun və heç kim ixtisasına aid olan sadə bir suala cavab verə bilməsin. bax vəziyyət belədir. Düzü ixtisasıma marağım belə yoxdur ona görə də dərsləri yola verirəm. Marağım olsaydı oxuyardım. Marağım olsaydı heç müəlim də lazım deyil marağı olan oxuyur."
Sara: " Təhsilimdən razılığım nisbidi, dərslərə marağım çoxdu ve sevirəm də, amma təhsil məsələsi  elədir ki, bizə verilən dərs proqramı çox gözəldir, mən istəyəndi. Amma dərsə yanaşma tərzi pulla ölçülür ki, bu da bəzi tələbələrin (90%-inin deyərdim) oxumamasına gətirib cıxarır. Yəni rüşvətin olmasından narazıyam bir tək "
Seymur: " Öyrənməyi sevən,ümumiyətlə təhsilə yüksən qiymət verən insanam. Və bu zamanadək nə öyrənmişəmsə, ilk öncə onun mənə faydasını və gərəyini dərk etdiyim üçün öyrənmişəm. Bu isə öz növbəsində məni öyrənməyə motivə edib. Təəssüf ki,  bu 4 il ərzində sadəcə 1, vəya 2 dəfə belə hal yaşamışam.. Universitetimizdə müəllimlərin əksəriyəti öyrətdiklərinin əhəmiyyətini çatdıra bilmir və dərsi düzgün və maraqlı keçmədiyi üçün, mən şəxsən 4 il niyə oxuduğumu bilmirəm. Düşünürəm ki, ilk öncə müəllimləri öyrətməyə stimullaşdırmaq lazımdı , lazım gəlsə lap düzgün öyrətməyi öyrətmək lazımdı.  Sonra isə tələbələri.."
Nicat: "Təhsildən narazıyam, çünki müəllimlər hələ də yeni sistemi mənimsəməyiblər, ya da ki, mənimsəmək istəmirlər.Dərsə maraq necə ola biler ki, biz müəssisə iqtisadiyyatında xalq təsərrüfatından danışırıq, hansı ki, biz bu sistemdən 1991-ci ildə SSRİ dağılandan imtina etmişik və bazar iq-a keçmişik. Çox az müəllim həqiqətən keçdiyi fənni bilir. İnnovativ heç nə yoxdur. Dərslər şablom-müəllim üzdən oxuyub uşaqlara imla yazdırır.Öz haqlarımızı da tələb eləyəndə müəllimlər bizi imtahandan kəsir. Bu artıq aksiomadı, bunu hamı bılir. Çox səbəb göstərmək olar."
Səbuhi: " Təhsildən narazıyam. Ona görə narazıyam ki, seçdiyim təhsil istədiyim təhsil deyil. Mən arzuladığım yolda deyiləm. Valideynlərin arzuladığı yoldayam. Maraq da məhs buna görə yoxdu"


  
Bu da belə. Yekunda öz fikrim olaraq deyə bilərəm ki, Ali Təhsil Sistemində olan problem hər bir fərdin problemidir. Hər bir fərd müstəqil şəkildə öz probleminin səbəbini anlayıb ona doğru məqsədyönlü şəkildə, gülər üzlə getməlidir. Özünə tam inanıb getməlidir. Dərslərdə problemi varsa, onu bütün mümkün qanuni vasitələrlə həll etməyə çalışmalı, lazım gəldikdə, məsələni ictimaiyyətə göstərib həllində öz ətrafındakılarını cəlb etməlidir. Hər kəs problemlərə gözüyumulu yanaşıb əvvəl qurulan yazılmayan qanunlarla hərəkət edərsə, o zaman heç bir inkişafdan danışmağa ehtiyac olmaz. Biz indi bunu etməsək, 20 il sonra da bu tələbələrin uşaqları öz atalarına, analarına "mənə pul ver, müəllim istəyir" deyəcək. Bir də, öz həyatımıza aid olan seçimləri özümüz edək. Valideynlər bəlkə də çox şeyi gözəl bilirlər, amma hər kəsin təcrübəsi özünə aiddir. Birində bu təcrübə yanlış, digərində doğru və uğurlu ola bilər. Arzularımızı öldürməyək, arzularımızı yaşadaq. Məqsədə çevirək. Gəlin hər şeyin dərininə gedək!



Faydalı linklər: 


Enjoyed this post?

No comments :

Post a Comment

About Me

My Photo

Trying to figure out what it takes to live life fully by examining all the elements of life.